
Duzlar - metal atomlarından və turşu qalıqlarından ibarət olan
mürəkkəb maddələrə duzlar deyilir.
Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda
dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən
elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 →
3 Na+ + PO4¯
Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür:
normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda
hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan
duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və
s.
Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal
atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır.
Na2HPO4, Ca(HS)2 və s.
Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid
qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl
və s.
Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal
atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan
duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və
s.
Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen
atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir:
CaCl(OCl), BaCl(NO3) və s.
Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan
duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və
s.
Duzları aşağıdakı üsullarla almaq olar:
1. Metallarla qeyri-metalların qarşılıqlı təsiri:
Fe + S → FeS; 2Na + Cl2 → 2NaCl
2. Metallarla duzların qarşılıqlı təsirindən:
Zn + CuSO4 → ZnSO4 +
Cu; Zn +FeCl2 → ZnCl2
+Fe
Bu reaksiya götürülən metal elektrokimyəvi gərginlik (aktivlik) sırasında
duzun tərkibindəki metaldan əvvəldə durduqda gedir.
3. Qeyri-metalların duzlarla qarşılıqlı təsirindən:
Cl2 + 2KJ → 2KCl + J2
4. Turşuların metallarla qarşılıqlı təsirindən:
Fe + 2HCl → FeCl2 + H2
5. Turşuların əsasi və amfoter oksidlərlə qarşılıqlı təsirindən:
2HCl + Na2O → 2NaCl + H2O; 2HNO3 + MgO → Mg(NO3)2
+ H2O
6. Turşuların duzlarla qarşılıqlı təsirindən:
HCl + AgNO3 → AgCl + HNO3
7. Turşuların əsaslarla qarşılıqlı təsirindən (neytrallaşma reaksiyası).
Birəsaslı turşu ilə birturşulu əsas qarşılıqlı təsirdə olduqda hər zaman
normal duz verir. Birəsaslı turşu turş, əsasi və ikiqat duz vermir.
8. Qələvilərin turşu oksidləri ilə qarşılıqlı təsirindən.
9. Qələvilərin qeyri-metallarla qarşılıqlı təsirindən.
10. Qələvilərin duzlarla qarşılıqlı təsirindən.
11.Qələvilərin amfoter xassəli metallarla qarşılıqlı təsirindən.
12. Qələvilərin amfoter oksidlərlə qarşılıqlı təsirindən.

13. Duzların duzlarla qarşılıqlı təsirindən:
NaCl + AgNO3 → AgCl + NaNO3
14. Əsasi oksidlərlə turşu oksidlərinin qarşılıqlı təsirindən.
15. Duzlarla turşu oksidlərinin qarşılıqlı təsirindən.
16. Duzların parçalanmasından:
2KNO3
→ 2KNO2 + O2
Duzların xassələri
Duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk,
kristal maddələrdir. Nitrat və sirkə turşularının bütün duzları suda həll olur.
Xlorid turşusunun AgCl və PbCl2duzlarından başqa qalan duzları suda
həll olur. Na+, K+, NH4+kationlarının duzlarından başqa qalan karbonatlar,
silikatlar və fosfatlar suda həll olmur. Turş duzların molekulunda hidrogen
atomlarının sayı çox olduqca onlar bir o qədər yaxşı həll olur (NaHCO3
istisnadır). Duzların kimyəvi xassələri onların metallarla, turşularla,
qələvilərlə, turşularla və duzlarla qarşılıqlı təsiri ilə müəyyən olunur.
1. Elektrokimyəvi gərginlik sırasında hər bir metal (qələvi və
qələvi-torpaq metallardan başqa) özündən sağda duran metalları onların
duzlarının məhlullarından sıxışdırıb çıxarır.
2. Duzlar qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur. Bu zaman əksər
hallarda yeni duz və yeni həll olmayan əsas əmələ gəlir.
3. Duzlar turşularla qarşılıqlı təsirdə olur.
4. Əksər həll olan duzlar bir-birilə qarşılıqlı təsirdə olur. Reaksiya həll
olmayan duz əmələ gəldikdə baş verir.
5. Bəzi duzlar qızdırıldıqda parçalanır.
CaCO3 → CaO + CO2
6. Duzlar qeyri-metallarla qarşılıqlı təsirdə olur.
7. Duzlar turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.
8. Bəzi duzlar su ilə kristalhidratlar əmələ gətirir.

QLAUBER DUZU
Natrium-sulfat
Natrium-sulfat Na2SO4 ümumi formuluna malik
qeyri-üzvi birləşmədir. Onun bir neçə hidrat formaları məlumdur. Bütün hidratları suda yaxşı həll olan maddələrdir.
Onun,tərkibində on su molekulu saxlayan kristalhidratının illik istehsalı 6
milyon ton təşkil edir. Ondan daha çox yuyucu tozların istehsalında və kağız istehsalı
zamanı kağız xamurunun işlənməsində istifadə olunur.
Onun dekahidratı mirabilit mineralı kimi tanınır və bir çox sənaye
proseslərində geniş tətbiq olunur. Ona Qlauber duzu da deyilir. Tenardit
mineralı bu duzun nadir tapılan susuz kristallarıdır. Ondan üzvi sintezdə
quruducu agent kimi istifadə olunur. Heptahidratlar da nadir tapılır.
Qeyd etdiyimiz kimi, bu duzun dekahidratı Qlauber duzu adı ilə bilinir. Onu 1625-ci ildə alman kimyaçısı Rudolf Qlauber Avstriyadan olan
bir mineral suda kəşf etdi. O bu duzu "möcüzəli duz" kimi tərcümə olunan Mirabilit adlandırır. Bu adın seçilməsi onun göstərdiyi qəribə xassələrilə bağlıdır. Belə ki 1990-cı illərdə alternativləri meydana çıxana qədər ondan işlətmə
dərmani kimi istifadə olunurdu.
XVIII əsrdə Qlauber
duzu artıq sənaye miqyasında soda alınması üçün istifadə olunurdu. Beləcə bu
duza təlabat kəskin artdı və təbiidir ki, onun istehsalı da sürətləndi. Bu
səbəbdən XIX əsrdə natrium sulfatın Leblank prosesi ilə istehsalı soda
istehsalının əsas üsuluna çevrilmişdi.

FİZİKİ VƏ KİMYƏVİ XASSƏLƏRİ
Natrium-sulfat kimyəvi cəhətdən olduqca stabildir. O
normal temperaturda bir çox oksidləşdirici və reduksiyaedici agentlərin
təsirinə qarşı davamlıdır. Yüksək temperaturda aparılan karbotermal reduksiya
nəticəsində onu natrium sulfidə çevirmək olur.
Na2SO4 + 2 C → Na2S + 2 CO2
TURŞU VƏ ƏSASLIĞI
Natrium-sulfatın suda məhlulu neytral xassəli olur. Onun məhlulunda pH-ın
qiyməti 7-yə bərabərdir. Bunun səbəbi bu duzun qüvvətli turşu və qüvvətli
əsasdan əmələ gəlməsidir. Duz suda həll olan zaman ionlarına ayrılır, əmələ
gələn hər ion polyar su melekulları tərəfindən əhatələnərək
hidratlaşırlar. Natrium-sulfat sulfat turşusu ilə reaksiyaya daxil olaraq
natrium hidrosulfat əmələ gətirir.
Na2SO4 + H2SO4 ⇌ 2 NaHSO4
Bu reaksiyanın tarazlıq sabiti temperaturdan asılıdır.
Natrium-sulfat tipik ion rabitəli birləşmədir. O özündə Na+ və
SO42-ionlarını saxlayır. Məhlulda sulfat ionunun
mövcudluğunu aşağıdakı sadə təcrübə ilə isbat etmək olar.
Na2SO4 + BaCl2 → 2 NaCl + BaSO4
Bu reaksiyada həll olan iki duzdan ağ rəngli çöküntünün əmələ gəlməsini
müşahidə etmək olar. Natrum-sulfat kimi tərkibində natrium saxlayan ikiqat
sulfatlar da məlumdur. Belə duzlara misal kimi NaAl(SO4)2 və NaCr(SO4)2 duzlarını göstərmək olar. Digər qələvi metalların
ikiqat duzları da məlumdur. Belə birləşmələrə aid olanNa2SO4·3K2SO4 tərkibli
birləşmə təbiətdə Qlaserit mineralı şəklində tapılır. Natrium sulfat və kalium
xloriddən Qlaseritin alınması prosesi sənaye miqyasında da gübrə almaq üçün
tətbiq olunur.
MOLEKUL QURULUŞU
Kristallar oktaedrik quruluşlu [Na(OH2)6]+ ionlarından
təşkil olunub. 10 su molekulundan səkkizi həmin oktaedrik strukturun əsasını
təşkil edir, qalan iki su molekulu isə sulfat qrupuna bağlanır. Na - O
rabitəsinin uzunluğu 240 nm olur. Ölçülə bilən qalıq entalpiyasının
(mütləq sıfır temperaturundakı entalpiya) qiymətinin 6.32 JK−1·mol−1.olması
natrium-sulfat dekahidratını digər duz hidratlarından fərqləndirir.
İSTEHSALI
Dünya üzrə natrium-sulfat istehsalında aparıcı yeri illik 5.5-dən 6 milyon
tona qədər olan dekahidrat tutur. 1985-ci il üçün bu qiymət 4.5-ə bərabər
olub ki bunun da yarısı təbii mənbələr, qalan yarısı isə sənaye proseslərinin
hesabına ödənilib. Bildiyiniz kimi sənaye prosesləri üçün kimyəvi cəhətdən
natrium-sulfatın hansı mənbədən götürülməsinin heç bir əhəmiyyəti yoxdur.
TƏBİİ MƏNBƏƏLƏRİ
Dünya üzrə Qlauber duzuna olan təlabatın üçdə ikisi onun təbii mineralı
Mirabilit hesabına təmin olunur. 1990-cı ildə Meksika və İspaniya dünyanın
aparıcı istehsalçıları sayılırdı. Onların hər birinin ixrac etdikləri duzun
illik miqdarı 500.000 ton təşkil edirdi. Müqayisə üçün qeyd edək ki,
Rusiya, ABŞ və Kanada üçün isə bu miqdar 350.000 ton təşkil edir.
Planetimizdə bu duzun ehtiyatı bir milyard ton olaraq qiymətlədirilir. Təbii
halda natrium-sulfata Tenardit adlı mineral halında rast gəlinir. O havadakı
nəmin təsirindən tədricən mirabilitə çevrilir. Bu buza həmçinin Qlauberit adlı
mineralın tərkibində kalsium natrium sulfat şəklində də rast gəlinir. Adı
çəkilən hər iki mineral Mirabilitdən daha az yayılmışlar.

SƏNAYESİNDƏ ALINMASI
Dünya üzrə hər il istehsal olunan natrium-sulfatın üçdə biri müxtəlif
sənaye proseslərindən yan məhsul olaraq ayrılır. Çünki natrium-sulfat istehsalı
elə də bahalı bir proses deyil və ona görə də hazırda yan məhsul kimi əldə
olunan natrium-sulfatın miqdarı azalmaqdadır. Natrium-sulfat istehsalının ən
mühüm hissəsi xlorid turşusu istehsalı müəsisələrində aparılır. Burada ya xörək
duzunu sulfat turşusu ilə, ya da kükürd dioksid ilə işləyirlər. Prosesin son
məhsulu olan natrium sulfatı "duz piroqu" da adlandırılar.
Reaksiyalar belə baş verir:
2 NaCl + H2SO4 → 2 HCl + Na2SO4
4 NaCl + 2 SO2 + O2 + 2 H2O → 4
HCl + 2 Na2SO4
Digər mühim alınma üsulu isə duru sulfat turşusunun natrium-hidrooksid ilə
qarşılıqlı təsiridir. Qeyd edək ki,bu metod laboratoriyada da geniş tətbiq
olunur.
Lakin laboratoriyada və məişətdə natrium-sulfat almaq üçün çay sodası və
maqnezium-sulfat istifadə etmək daha rahat üsuldur.
2NaHCO3 + MgSO4 → Na2SO4 +
Mg(OH)2 + 2CO2
TƏTBİQİ
Qeyd etmək lazımdır ki çoxsaylı tətbiq sahəsi olsa da natrium-sulfat elə də
bahalı bir xammal deyil. Yüksək təmizlikdə onun qiyməti hər ton üçün 130
dollara çatır. Bu duz özünün ən geniş tətbiqini məişətdə istifadə olunan yuyucu
vasitələrin hazırlanmasında doldurucu kimi tapmışdır. Dünya üzrə illik
istehsalın 50 faizi məhz bu istiqamətə sərf olunur. Qeyd olunmalır ki ,onun bu
məqsədlə tətbiqi yalnız toz halında olan yuyucu vasitələrə aiddir. Maye yuyucu
vasitələrin hazırlanmasında natrium-sulfat istifadə olunmur. Əsasən ABŞ və
Kanada üçün səciyyəvi olan bir digər tətbiq sahəsini də qeyd etməsək olmaz. Bu
ölkələrdə ondan kağız xamurunun işlənməsi üçün istifadə olunacaq
natrium-sulfidin alınması üçün istifadə edirlər. Kraft prosesi kimi bilinən bu
reduksiya prosesi 1960-cı illərdə daha geniş tətbiq olunsa də hazırda tətbiqi
azalmaqdadır.

Natrium-sulfatın şüşə sənayesində tətbiqi Avropa ölkələri üçün onun ikinci
ən geniş tətbiq sahəsidir. Onu şüşə sənayesində şüşənin tərkibində qalmış qaz
qabarcıqlarını kənarlaşdırmaq üçün istifadə edirlər. O şüşənin axıcılığını
artırır və emal zamanı şüşədə qaz qabarcıqlarının qalmasına imkan vermir.
1970-ci ildən etibarən Avropa şüşə sənayesi bu məqsədlə hər il 110.000 ton
natrium-sulfat istifadə edir.
Natrium-sulfat toxuculuq sənayesi üçün də (xüsusilə Yaponiyada) əvəzolunmaz
bir xammal sayılır. Natrium-sulfat liflərdəki mənfi yükün azalmasını
balanslaşdırır. Bu boyanın lifə daha rahat nüfuz etməsinə imkan verir. Bu məqsədlə
natrium xlorid onun alternativi kimi tətbiq oluna bilər, lakin o paslanmaz
poladdan hazırlanmış detalları paslandırdığı üçün bu məqsədlə istifadə olunmur.
KİÇİKMİQYASLI TƏTBİQ SAHƏLƏRİ
Susuz natrium-sulfatdan laboratoriyada inert quruducu agent kimi üzvi
maddələrdən suyun tam kənarlaşdırılması üçün istifadə olunur. Bu məqsədlə
maqnezium-sulfatdan istifadə olunması daha məhsuldar olsa da proses daha çox
vaxt aparır. O yalnız 30oC-dən aşağı temperaturda daha effektivdir.
Kimyəvi cəhətdən tamamilə inert olduğu üçün bir çox maddələrlə istifadə oluna
bilir. Yuxarıda da qeyd etdiyimiz kimi Qlauber duzu (natrium-sulfatın
dekahidrat forması) işlədici xüsusiyyətə malikdir. Hər hansı dərman maddəsi
yüksək dozada qəbul olunduğu zaman onu orqanizmdən kənarlaşdırmaq üçün bu
duzdan istifadə edilir.
1953-cü ildə natrium-sulfatdan passiv, günəş enerjisi ilə isidilən sistemlərdə istilik daşıyıcısı kimi istifadə olunan suya qatqı kimi istifadə olunurdu. Buna səbəb onun isitilik tutumunun olduqca yüksək olması idi. 78,2 kC/mol istilik tutumu və suda yaxşı həll olması onu bu məqsədlə sərfəli edirdi. Bütün bunlardan başqa natrium sulfatın donmayan pəncərələrdə, xalça təravətləndiricilərində, nişasta istehsalında və mal -qara yemlərinə edilən əlavə kimi tətbiqi də məlumdur.
TƏHSÜKƏSİZLİK TƏDBİRLƏRİ
Baxmayaraq ki ,nartium-sulfat sağlamlıq üçün zərəsiz bir madddə kimi etibar
qazanıb, onunla ehtiyatla davranmaqda fayda var. Onun tozu astma yarada bilər
və həmçinin gözlər üçün qıcıqlandırıcı təsiri vardır.

Çin Duzu
mononatrium
qlutamat
Çin duzu
olaraq da bilinən mononatrium qlutamat (bundan sonra MNQ) qlutamin turşusunun
natrium duzudur. Apardığım araşdırma belə qənaətə gətirdi ki, bu duzun əslində
Çinlə heç bir əlaqəsi yoxdur. Robert Ho Man Kuok adlı bir nəfər Çin restoranında
yemək yedikdən sonra özünü pis hiss edir və bunun səbəbinin o restoranda
yeməklərə qatılan hansısa bir duz ola biləcəyi qənaətinə gəlir. Bu əhvalatdan
sonra ortaya çıxan "Çin Duzu" ifadəsini MNQ ilə bağlayan da məhz o
adam olmuşdur. O belə hesab edirdi ki, onu o hala salan Çin restoranında
yeməklərə qatılan MNQ-dir.
Amerika mənbələrində təhlükəsiz olduğu qeyd olunsa da,Avropa birliyinə daxil
olan ölkələrdə o bir qida əlavəsi olaraq təsnif edilir. Qida paketlərinin
üzərində E621 kodunun olması onun tərkibində bu duzun olduğunu göstərir. Bu
duzu ilk dəfə 1908-ci ildə Yapon biokimyaçısı professor Kikunae İkeda Yapon
mətbəxinə aid bir çox yeməklərdə istifadə olunan Kumbo adlı dəniz yosunundan
kristallaşdırma metodu ilə ayırmışdır. (Bəzi Azərbaycan mənbələrində bu duzun
kəşfi alman kimyaçısı Karl Henrik Rithausenin adı ilə bağlansa da
araşdırmam bu səhvi ortaya çıxardı. Məlum oldu ki həmin alim mononatrium
qlutamatı deyil qlutamin turşusunun özünü kəşf edən şəxsdir.) Professor
bu duzu ayırmaqla kifayətlənməyib onun üzərində çoxsaylı araşdırmalar aparmış
və belə qənaətə gəlmişdir ki, qlutamin turşusunun duzları arasında qida üçün ən
əlverişli olanı məhz mononatrium-qlutamatdır. O həmçinin qeyd edirdi ki, bu duz
digərlərindən daha asan kristallaşır və suda daha yaxşı həll olur. Hazırda elmə
məlumdur ki, bu duz hiqroskopik xassəli olmayıb suda yaxşı həll olsa da efir
kimi qeyri-polyar həlledicilərdə praktik olaraq həll olmayandır. Bu
tədqiqatlardan sonra Yaponiyalı Suzuki qardaşları bu duzun başqa ölkələrə ixracını
təşkil etməyə başaldılar. Beləcə bu duzu ticarət predmeti kimi istifadə edən
ilk ölkə Yaponiya oldu.

Mononatrium-qlutamat aşağıdakı üsullarla əldə oluna bilər:
1. Bitki
mənşəli proteinlərin xlorid turşusu iştrakında hidrolizi.
2.
Akrilnitril istifadə etməklə birbaşa sintez
3.
Bakteriyaların iştrakı ilə fermentativ sintez
Hazırda bu duzu əsasən üçüncü üsulla sintez edirlər. Proses nəticəsində
əvvəlcə L-qlutamin turşusu alınır. Onun qələvi ilə neytrallaşmasından
mononatrium-qlutamat əldə edilmiş olur. Hazırda bu duz təbii halda pomidor,
pendir və başqa təbii məhsullarda rast gəlinir.
Bu duz
artıq yüz ildən çoxdur ki, bir qida əlavəsi olaraq insanlar tərəfindən istifadə
olunur (təbii ki saf halda deyil). Qida kimi istifadə olunduğu zaman
bişirilmə zamanı Millard reaksiyalarına daxil ola bilir. Qeyd etmək lazımdır
ki, uyğun dadlandırıcılarla istifadə olunmadığı zaman onun özü elə də yaxşı
dada malik olmur. Lakin digər maddələr ilə uyğun nisbətdə götürülərsə,yeməklərə
maraqlı dad vermək xüsusiyyəti onu əvəzolunmaz edir. Lakin bu duzun artıq
miqdarı yeməklərin dadında xoşagəlməz dəyişikliklərə səbəb ola bilir. Misal
üçün ət suyunun hər 100 ml-də bir qramdan daha artıq götürülən MNQ artıq
yeməyin dadını qaçırır. Yeməklərdə bu duzun istifadə olunması xörək
duzunun istifadəsini azaltmağa imkan verir. Belə ki, MNQ qatılmış yeməklərdə
xörək duzunun miqdarı 30 faizə qədər azaldıla bilər. MNQ bu miqdarın azaldığını
hiss etdirməmək imkanına sahibdir. Nəzərə alsaq ki, xörək duzu ürək
xəstəliklərinə və infarkt riskinə yol açır, bu duzun faydasını rahatca görə
bilərik.
Mətbuatda
bu duzun insan sağlamlığı üçün zərərləri haqqında çox məlumata rast gəlsək də,
qida əlavələrinin insan sağlamlığına təsirlərini araşdıran təşkilatlar MNQ-ın
yeməklərdə aromatizator olaraq istifadəsini tamamilə təhlükəsiz hesab edir.
Gəmiricilər üzərində aparılan tədqiqiatların nəticəsinə görə onların bədən
kütləsinin hər kiloqramına 3 qramdan daha çox MNQ daxil olduğu zaman o özünün
nevrotoksik təsirini göstərir. Lakin bu onu təhlükəli qəbul etmək üçün əsas
vermir. Çünki insanlar və digər primatlar üçün bu duzun LD50 kəmiyyətinin
qiyməti 25-18 q/kq olaraq hesablanmışdır. Bu o deməkdir ki, çəkisi 70 kq olan
bir insan bu duzun zəhərli təsirini müşahidə etmək üçün ondan 1260 qram qəbul etməlidir.
Avstraliyada və Yeni Zellandiyada aparılan tədqiqatlar əhalinin
yalnız bir faizində bu duzun çoxlu miqdarının qəbulu zamanı baş ağrısı, ümumi
halsızlıq, uyuşma və qızarma kimi keçici əlamətlərin müşahidə olunduğunu
göstərib. Bunu nəzərə alaraq qanunlarda göstərilir ki, istehsalçı istehsal
etdiyi ərzaq məhsulunun üzərində bu duzdan istifadə edilməsi barədə xəbərdarlıq
yerləşdirməlidir. Bu duzun çox yeməyə və yüksək əqli inkişafa səbəb olması ilə
bağlı yayılan məlumatlar da tədqiqatlarda öz təsdiqini tapmayıb.

İngilis Duzu
Maqnezium-sulfat
1618-ci ildə
İngiltərənin Epsom vilayətindən olan Henri Uiker adlı bir fermer inəklərinin
bir quyunun suyunu içməkdən imtina etməsini müşahidə edir. O həmin sudan özü
içməyə cəhd edəndə suyun acı olduğunu görür. O vaxtdan həmin suya acılıq verən
bu duz ingilis duzu adı ilə məhşurlaşır.
İngilis
duzu olaraq da bilinən maqnezium-sulfata təbiətdə monohidrat formasında rast
gəlinir. Onun süni yolla alınan kristalhidratı heptahidrat olub bir molunda 7 mol su saxlayır.
Görünüşcə ağ, kristal mddə olan bu duz suda və qliserində yaxşı həll olur. Etil
spirtində həll olması isə zəifdir. Onu yeraltı suların buxarlandırılmasından
əldə edirlər.
Tətbiq
sahələri çoxşaxəlidir. Bildiyimiz kimi maqnezium elementi xlorofilin strukturuna
daxil olduğundan bitkilər üçün əhəmiyyətlidir. Yetərincə maqnezium ionu qəbul
edə bilən bitkinin yarpaqları daha məhsuldar fotosintez apara bilir, beləcə
bitki daha güclü və daha dözümü olur. Bu səbəbdən maqnezium-sulfat maqnezium
gübrəsi kimi istifadə
olunur. Bundan başqa ondan dərman və toxuculuq sənayesində, həmçinin kosmetika
və yuyucu vasitələrin hazırlanmasında da istifadə edirlər. Bir dərman kimi ondan qan təzyiqinə və qandakı maqneziumun miqdarına
təsir göstərmək üçün istifadə olunur. Susuz maqnezium-sulfatdan ammonyak,
aminlər, nitrillər, karbohidrogenlərin halogenli törəmələri, aseton kimi bir
çox maddənin susuzlaşdırılmasında istifadə edirlər. Ondan üzmə terapitalarında
hovuzdakı suyun sıxlığını dəyişmək məqəsdi ilə də istifadə edilə bilir. Bəzi
mənbələrdə maqnezium-sulfat qarışdırılmış suda ayaqların saxlanılması zamanı
ayaq ağrılarının yüngülləşdiyi yazılır. Tibbdə ondan işlətmə dərmanı kimi və sidik qovucu vasitə kimi istifadə
olunur. Bu duzun böyrək daşlarının tökülməsində və öd qatılaşmalarını aradan
qaldırmasında da rolu olduğu göstərilir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır
ki, bu duzun tibbi məqsədlər içün istifadəsi zamanı mütləq həkimlə
məsləhətləşmək lazımdır. Belə ki, artıq miqdarı qəbul edildiyi zaman qızdırma,
islah və qusma kimi hallar müşahidə oluna bilər. Onun intensiv istifadə
olunması isə orqanizmdən su ixracını artırdığı üçün mineral çatışmazlığına
səbəb ola bilər.

Cox gozel sehivedi...GOZEL MELUMATLAT TOPLADIM...Tesekkurler! Mene ne lazim idise hamisini tapdim....Cox sagolasiz!.....
YanıtlaSil💩💩💩💩💩💩💩
SilHer bir duzlarin növləri de olsaydi çox gözəl olardi
YanıtlaSilDuzların kütləsi haqqında məlumat yoxdur 😔👊😠🤔. 💩💩💩🤡🤡😈👿🖕🏿🤟
YanıtlaSilDuzların insan həyatında əhəmiyyəti olsa yaxşı olardı
YanıtlaSil